University of Sheffield –Proqram Təminatı Mühəndisliyi üzrə bakalavr (BEng Software Engineering), 2010 - 2013 -cü illərdə təhsil almış Nijat Khaligov tələbəlik illəri haqqında danışdı!
Sheffield Universiteti'dən məzun olduqdan sonra karyeranız necə irəlilədi?
Universiteti bitirdikdən sonra iş axtarmalı olmadım çünki, bütün təhsil xərclərim SOCAR şirkəti tərəfindən ödənildiyindən təhsilimi başa vurduqdan sonra SOCAR – ın “İnformasiya Texnologiyaları və Rabitə İdarəsində” Proqramçı Mühəndis vəzifəsində işə başladım. |
İngiltərədə təhsil almağa qərar vermənizdəki faktorlar nələr idi ? Niyə Sheffield Universitetini tərcih etdiniz?
Oxuyacağım ölkəni və universiteti seçmək üçün uzun müddət araşdırmalar aparır, müxtəlif ali təhsil ocaqlarının reytinq cədvəllərini izləyirdim. Təhsilim üçün İngiltərəni seçməyimə səbəb bu ölkənin dünyanın ən qabaqcıl ali təhsil sistemlərindən birinə malik olması oldu. Sheffield Universitetinin dünya reytinq sıramalarında ilk yüzlükdə olması və əsasən mühəndislik ixtisasları üzrə böyük və geniş imkanlı laborotoriyalara və zəngin resurslara malik olması, şəhərin sakit, yaşıllıq və digər şəhərlərlə müqayisədə yaşayış xərclərinin ucuz olması bu seçimi etməyimə təsir edən əsas amillərdən oldu.
Bölümünüzdə ən çətinlik çəkdiyiniz və zövq aldığınız nöqtələr nələrdir?
Bu sual mənə bir dəfə professorumuzun kurs işi kimi verdiyi mürəkkəb bir layihə üzərində işlədiyimiz ərəfədə işlətdiyi ifadəni xatırlatdı – “Əgər hər hansı bir işi yerinə yetirərkən çətinlik və əziyyət çəkmirsinizsə deməli, heç bir yeni şey öyrənmirsiniz.” Odur ki, mənə görə proqram təminatının zövqlü tərəflərindən biri də qarşına çıxan çətinliklərə, çətin problemlərə həll yolları tapmaqdır.
Sizinlə eyni sahədə təhsil almaq istəyən insanlara tövsiyələriniz nə olur?
Son statistika göstərir ki, proqram təminatı və informasiya texnologiyaları sahəsi zaman keçdikcə ən geniş yayılan və digər bütün sahələrə tətbiq olunan sahədir. Odur ki, bu sahədə təhsil almış mütəxəssislərə tələbat get-gedə daha da artır. Bu sahənin bir özəlliyinin də öyrənilmiş biliklərin tez köhnəlməsidir. Tez-tez yeni texnologiyalar meydana gəldiyindən bu sahədə daim araşdırıcı olmaq və son texnologiyaları izləmək lazımdır. Məxsusi olaraq proqram təminatı ixtisasını oxumaq istəyənlərə tövsiyyəm odur ki, təhsil müddətində mümkün qədər daha çox proqlamlaşdırma dilləri öyrənib öz təcrübələrini daha da artısınlar.
Universitet kampusu içərisində yoxsa fərqli bir yerdə qaldınız? Bizə bir az yaşayışınızdan bəhs edin. Nələr xoşunuza gəldi? Universitetin təşkil etdiyi her hansı bir tədbirə qatıldınızmı?
İlk təhsil ilimdə universitet kampusunda, ikinci il xüsusi evdə və sonuncu təhsil ilimdə isə xüsusi tələbə kampusunda yaşadım. Hər birinin öz mənfi və müsbət xüsusiyyətləri var. Amma onu da qeyd edim ki, universitet kampusunda qalmaq daha çox sosillaşma və digər faydalı imkanlar yaradır - ələxsusda ilk təhsil ilində. Sheffield universitetində demək olar ki, bütün sosial, idman, əyləncə və digər tədbirlər universitetin rəsmi tələbə birliyi altında birləşən 280-ə yaxın tələbə cəmiyyətləri və qrupları tərəfindən təşkil olunur. Odur ki, universitetdə təhsildən əlavə asudə vaxtın təşkili üçün hər cür imkanlar var. Mən tələbə birliyinin təşkil etdiyi bir çox fərqli tədbirlərdə iştirak emişəm. Məsələn, könüllük proqramları, əyləncə, idman, sosial, açıq leksiyalar və sairə tipli tədbirlər. Həmçinin sonuncu kursda oxuyarkən oradakı AEGEE – Sheffield təşkilatının xəzinadarı idim.
Təhsiliniz boyunca part-time işləmək imkanına sahib oldunuzmu?
Deyim ki, part – time işləmək üçün birinci və ikinci kursda vaxt olur. Amma mənim bütün təhsil xərclərim ödənildiyindən iş axtarmırdım, hansı ki mənə həm ixtisasımla bağlı daha çox məşğul olmağa və vaxtımı idmana və digər başqa məşğuliyyətlərə sərf etməyə imkan verirdi.
Ancaq onu da qeyd edim ki, orada part – time iş tapmaq kifayət qədər çətindir çünki, yüzlərlə tələbə də əlavə cib xərcliyi qazandıracaq işlər axtarırlar ki bu da eyni iş yeri üçün rəqabəti artırır.
Sheffield şəhəri ilə əlaqəli nələr söyləyə bilərsiniz?
Sheffieldlilər qürurla öz şəhərlərinin tarixi Roma şəhəri kimi 7 təpə üzərində qurulduğunu vurğulayırlar (əgər velosiped sürməyi xoşlayırsınzsa onda bir az daha əziyyət çəkməli olacaqsınız). Ərazisinə və əhalisinin sayına görə İngiltrənin ən böyük şəhərlərindən biri olan bu şəhər adını oradan axan Sheaf çayından götürüb. Yaşayış xərcləri baxımından digər şəhərlərdən daha ucuz olan Sheffield həm də Avropanın ən yaşıl şəhərlərindən biridir desəm, heç də yanılmaram.
Universitetin də yerləşdiyi şəhərin mərkəzində ən müasir şəhərlərin malik olduğu hər cür infrastruktur mövcuddur – müasir nəqliyyat sistemi, istirahət və əyləncə məkanları, alış-veriş mərkəzləri, piknik üçün gözəl mənzərəli yerlər, parklar və s.
Sheffielddə ən yadda qalan xatirəniz nədir?
Konkret ən yadda qalan bir xatirəni qeyd etməkdə çətinlik çəkirəm. Çünki, ümumilikdə Sheffieldlə bağlı 3 il ərzində çoxlu maraqlı xatirələrim var. Həm təhsil, həm də oradakı sosial həyatla bağlı xatirələrim çoxdur.
Digər tələbə namizədlərinə fikir olmaq üçün universitetinizin və yaşadığınız bölgənin ən çox xoşunuza gələn tərəfləri nələr oldu?
Şəhərin yaşıllığı, sakitliyi, demək olar ki, istənilən şeyi piyada gediləcək məsafədə tapmağın mümkünlüyü, sosial həyatın maraqlı keçirilməsi üçün çoxlu məkanların olması şəhərin xoşuma gələn tərəfləri idi. Bundan əlavə çoxlu parkların, velosiped sürmək üçün meşə içi xüsusi cığırların olması da mənim ən xoşuma gələn cəhətlərindən idi.
İngiltərədə təhsil almaq istəyən tələbələrə tövsiyələriniz nələr olur?
Onu deyə bilərəm ki, İngiltərədə təhsil almaq təkcə yaxşı təhsil yox, həm də təhsil müddəti ərzində maraqlı həyat təcrübəsi, fərqli mədəniyyətlərdən olan insanlarla tanışlıq, tamamilə müstəqil həyat, dünya görüşün daha da genişlənməsi deməkdir. O ki qaldı orada oxumağın çətin olub – olmamasına, bir şeyi yəqin bilmək lazımdır ki, əziyyətsiz heç nə əldə etmək olmaz. İngiltərədə yaxşı təhsil almaq bu əziyyətə dəyər üstəlik oradakı maraqlı həyat tərzi bu əziyyəti sizin gözünüzdə daha da zövqlü bir məşğuliyyətə çevirəcək.